Mütəxəssislər tez-tez boğaz təmizləmək ehtiyacının səs tellərində qıcıqlanmaya səbəb ola biləcəyini və uzun müddət davam edən səs dəyişikliklərinə ciddi yanaşmağın vacib olduğunu bildirirlər.
Ucnoqta.az xəbər verir ki, səs batması səs tellərinin normal şəkildə titrəyə bilməməsi nəticəsində səsin boğuq, xırıltılı və ya zəif çıxması kimi xarakterizə olunur.
Səs tellərində yaranan şişkinlik və qıcıqlanma, səsdən həddindən artıq istifadə və struktur problemləri bu vəziyyətə səbəb ola bilər. Soyuqdəymə və yuxarı tənəffüs yollarının infeksiyaları da müvəqqəti səs batmasının ən geniş yayılmış səbəbləri arasındadır. Mütəxəssislərin fikrincə, yüksək səslə danışmaq, uzun müddət qışqırmaq və ya səsi intensiv istifadə etmək də səs tellərini yükləyərək problemlərə gətirib çıxara bilər.
Səs batmasının daha az məlum olan səbəblərindən biri də reflüksdür. Mədənin möhtəviyyatının yuxarı qalxaraq qırtlaq nahiyəsinə çatması səs tellərinin qıcıqlanmasına səbəb ola bilər.
Mütəxəssislər infeksiya nəticəsində yaranan səs batmasının adətən qısa müddətdə aradan qalxdığını bildirirlər. Lakin 4 həftədən uzun davam edən, təkrarlanan və ya getdikcə artan səs dəyişiklikləri mütləq həkim tərəfindən qiymətləndirilməlidir.
Boğazı tez-tez təmizləmək hərəkətinin səs tellərində mexaniki qıcıqlanmaya səbəb ola biləcəyi qeyd edilir. Mütəxəssislər səs batmasına yalnız müvəqqəti narahatlıq kimi yanaşmamağı, xüsusilə səbəbi bilinməyən və uzun müddət davam edən səs dəyişiklikləri zamanı erkən müayinədən keçməyin vacibliyini vurğulayırlar.
