ABŞ-ın Florida ştatında 77 yaşlı Uilyam Rivzin ölüm hökmü icra olunub. O, ilin əvvəlindən bəri ştatda edam edilən 18-ci məhkum olub.
Ucnoqta.az xəbər verir ki, bu barədə Newsweek jurnalı məlumat yayıb.
Nəşrin məlumatına görə, noyabrın 5-də daha bir məhkumun edamı planlaşdırılır. Hökm icra olunarsa, 2026-cı ildə Floridada edamların sayı 19-a çatacaq və bu, illik rekordun təkrarlanması demək olacaq.
Uilyam Rivzin edamı yaşı 70-dən yuxarı olan məhkumlarla bağlı müzakirələri də yenidən gündəmə gətirib. Məlumata əsasən, bu il Florida ştatında 70 yaşdan yuxarı səkkiz məhkum edam edilib.
Rivz 1986-cı ildə polis əməkdaşını öldürməkdə təqsirli bilinərək 1992-ci ildə ölüm cəzasına məhkum edilib. Vəkilləri Vyetnam müharibəsi veteranı olan məhkumun posttravmatik stress pozuntusundan əziyyət çəkdiyini əsas gətirərək bir sıra vəsatətlər qaldırsalar da, onlar rədd edilib.
Məhkumun ölüm hökmü Florida ştatının Stark şəhəri yaxınlığındakı həbsxanada ölümcül inyeksiya vasitəsilə icra olunub.
