Şəkərli içkilərin müntəzəm istehlakının piylənmə, diabet və ürək-damar xəstəlikləri ilə yanaşı, mədə xərçəngi riski ilə də əlaqəli ola biləcəyi müəyyən edilib.
Ucnoqta.az bildirir ki, Gastro Hep Advances jurnalında yayımlanan araşdırmada ABŞ-da aparılan iki böyük uzunmüddətli tədqiqatın ümumilikdə 112 min 284 iştirakçıya aid məlumatları təhlil olunub.
Nəticələrə görə, gündə ən azı bir porsiya şəkərli içki qəbul edən şəxslərdə mədə xərçəngi riski ayda bir dəfədən az belə içkilər istehlak edənlərlə müqayisədə 2,45 dəfə yüksək olub. Risk artımı həm kişilərdə, həm də qadınlarda müşahidə edilib.
Mütəxəssislər xüsusilə fruktoza qəbulunun artması ilə mədə xərçəngi hallarının çoxalması arasında əlaqə aşkarlandığını bildiriblər. Gündə bir dəfədən çox şəkərli içki qəbul edən qadınlarda riskin 3 dəfəyə qədər yüksəldiyi qeyd olunub.
Araşdırmada süni şirinləşdiricilərdən istifadə olunan pəhriz və “light” içkilərin istehlakı ilə mədə xərçəngi riski arasında eyni əlaqə müşahidə edilməyib.
Qeyd: Araşdırma şəkərli içkilərlə mədə xərçəngi arasında əlaqə göstərir, lakin bunun səbəb-nəticə əlaqəsi olduğunu təkbaşına sübut etmir.
