Diş sağlamlığı üçün əsas risklərdən biri şirin qidaların gün ərzində tez-tez qəbul edilməsidir.
Ucnoqta.az xəbər verir ki, mütəxəssislər bildirirlər ki, hər şirin qida və içki qəbulundan sonra ağızdakı bakteriyalar turşu əmələ gətirərək diş minasına təsir göstərə bilər.
Meyvə şirələrində əlavə şəkər olmasa belə, təbii şəkər və üzvi turşular mövcuddur. Buna görə şirəni gün ərzində az-az və tez-tez içmək əvəzinə, mümkün qədər yeməklərlə birlikdə və məhdud miqdarda qəbul etmək tövsiyə olunur.
Dondurmanın isə tamamilə qadağan edilməsinə ehtiyac yoxdur. Onu əsas yeməkdən sonra qəbul etmək gün ərzində dəfələrlə şirin qida yeməkdən daha uyğun hesab olunur. Bundan sonra su içmək ağızda qalan şəkər və turşunun azalmasına kömək edə bilər.
Turşulu qida və içkilərdən sonra diş minasının həssaslığı arta bilər. Buna görə dişləri dərhal fırçalamaq əvəzinə təxminən 30 dəqiqə gözləmək məsləhətdir. Uşaqların isə gündə iki dəfə yaşlarına uyğun miqdarda flüorlu diş məcunu ilə dişlərini fırçalamaları və mütəmadi stomatoloq müayinəsindən keçmələri vacibdir.
