ABŞ Hərbi Dəniz Qüvvələri sahilyanı döyüş gəmisi Santa Barbara üçün təcili təmir müqaviləsi elan edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə TASS ABŞ Hərbi Dəniz Qüvvələrinin tender sənədlərinə istinadən məlumat yayıb.
Sənəddə qeyd olunur ki, gəminin dörd mühərriki də hazırda icazə verilən maksimal həddən artıq yüklə istismar olunur. Bunun qarşıdakı tapşırıqlar zamanı mexaniki nasazlıq riskini ciddi şəkildə artırdığı bildirilir.
Məlumata görə, problem iki əsas dizel mühərriki və iki gəmi dizel generatoru ilə bağlıdır.
Təcili təmir işlərini Epsilon Systems Solutions şirkəti həyata keçirəcək. İşlərin sentyabrın 11-dən oktyabrın 11-dək aparılması nəzərdə tutulub. Sənəddə vurğulanır ki, vəziyyətin təcili və kritik olması səbəbindən müqavilə əvvəlcədən tender keçirilmədən yalnız bir şirkətə verilib.
ABŞ Hərbi Dəniz Qüvvələrinin məlumatına görə, Santa Barbara 1 aprel 2023-cü ildə istismara verilib və Independence sinfinin 16-cı gəmisidir.
