Miqrasiya sahəsində maarifləndirmə tədbirləri davam etdirilir

16:31 - 8 Noyabr 2017 - Xəbər

Göyçayda əcnəbi və vətəndaşlığı olmayan şəxslərə ölkə ərazisində yaşamaq hüququ verilməsi ilə bağlı regional seminar olub

Dövlət Miqrasiya Xidmətinin Ağsu Regional Miqrasiya İdarəsinin təşkilatçılığı ilə Dövlət İmtahan Mərkəzinin Göyçay regional bölməsinin inzibati binasında “Azərbaycan Respublikasında ümumtəhsil müəssisələrində təhsil alan əcnəbi və vətəndaşlığı olmayan şəxslərə ölkə ərazisində yaşamaq hüququ verən sənədlərin alınması qaydaları” və “Vətəndaşlıq mənsubiyyətinin müəyyən olunması” mövzularında regional hüquqi maarifləndirmə seminarı keçirilib. Tədbirdə Göyçay rayon İcra Hakimiyyətinin, Göyçay, Ağsu, Kürdəmir, Qobustan, Şamaxı, İsmayıllı, Ucar, Ağdaş və Zərdab rayon təhsil şöbələrinin rəhbərləri və əlaqələndirici nümayəndələri, məktəb direktorları, həmçinin, əcnəbi və vətəndaşlığı olmayan şəxslər iştirak edib. Seminarda Dövlət İmtahan Mərkəzinin Göyçay regional bölməsinin müdiri Məhəmməd Məmmədov çıxış edərək əcnəbi və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasında təhsil ala bilmələri üçün göstərilən dövlət qayğısı və multikultural prinsiplər barədə danışıb, bu istiqamətdə DİM-nin qarşısında duran məsələlərlə bağlı ətraflı məlumat verib. Göyçay Rayon İcra Hakimiyyətinin hüquqşunası Samir Xəlilov Dövlət Miqrasiya Xidməti tərəfindən Göyçayda görülmüş səmərəli işlərlə bağlı iştirakçılara geniş məlumat verib.
Dövlət Miqrasiya Xidmətinin Ağsu Regional Miqrasiya İdarəsinin əməkdaşları seminarda iştirak edən şəxslərin mövzularla bağlı ətraflı maarifləndirilməsi məqsədilə Xidmətin internet səhifəsində yerləşdirilmiş videoçarxdan və mövzular üzrə hazırlanılmış slayddan istifadə etməklə geniş məlumat verib, verilən sualları qanunamüvafiq qaydada cavablandırıblar.
Seminarın sonunda müraciət edən şəxslərə Xidmətin əməkdaşları tərəfindən səyyar xidmət göstərilib. Bu kimi məsələlərin aşkar edilərək vaxtında həll olunması istiqamətində işlərin səmərəli görülməsi üçün təhsil şöbələrinin əməkdaşlarına sənəd siyahıları, müvafiq arayış formaları verilib.
Dövlət İmtahan Mərkəzinin Göyçay regional bölməsinin müdiri Məhəmməd Məmmədov seminarın keçirilməsini yüksək qiymtləndirərək Dövlət Miqrasiya Xidmətinə bununla bağlı öz minnətdarlığını bildirib.
Miqrasiya sahəsində maarifləndirmə tədbirləri davam etdirilir.

Xəbər xətti