Abituriyentlərin elektron qeydiyyatı davam edir

10:14 - 10 İyun 2025 - Xəbər

2025/2026-cı tədris ili üçün ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları (XQTİ) üzrə qabiliyyət imtahanlarında iştirak etmək istəyən abituriyentlərin elektron qeydiyyatı davam edir.

DİM-dən Ucnoqta.az-a verilən məlumata görə, teatr, kino və xoreoqrafiya sənəti, idman, musiqi sənəti və təsviri sənət istiqamətlərinin komissiyaları üzrə aparılan qeydiyyat prosesi iyunun 13-dək davam edəcək.

Abituriyentlər müvafiq keçidə daxil olub qeydiyyatdan keçə bilərlər.

https://eservices.dim.gov.az/Qabiliyyet/Account/Login

Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin XQTİ-ləri üzrə qabiliyyət imtahanlarında iştirak etmək istəyən abituriyentlər 1 istiqamətə aid ən çox 6 komissiya üzrə qeydiyyatdan keçə bilər.

Qeyd edək ki, ümumi orta (9 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qeydiyyatdan qəbul imtahanının I mərhələsində (cari ilin məzunları üçün buraxılış) topladıqları ümumi balı 50 (fənlər üzrə nisbi bal məhdudiyyəti tətbiq edilmir) və daha yüksək olan abituriyentlər keçə bilərlər. Xoreoqrafiya sənəti və Rəqs müəllimliyi ixtisaslarına qəbul olmaq istəyən abituriyentlərin topladıqları bal 30 (fənlər üzrə nisbi bal məhdudiyyəti tətbiq edilmir) və ya daha yuxarı olduqda qeydiyyatdan keçməyə icazə verilir.

Qabiliyyət imtahanlarının iyun-avqust aylarında keçirilməsi nəzərdə tutulur. Abituriyentlərə “Qabiliyyət imtahanına buraxılış vərəqəsi”ni çap edə biləcəkləri tarixlər haqqında məlumat DİM-in internet səhifəsində veriləcək. “Qabiliyyət imtahanına buraxılış vərəqəsi”ndə qabiliyyət imtahanlarının tarixi, keçiriləcəyi ünvan və vaxt göstəriləcək.

Xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə məlumatlar 2025-ci ildə nəşr edilən xüsusi qabiliyyət imtahanlarının istiqamətləri üzrə “Abituriyent” jurnalının xüsusi buraxılışlarında dərc edilib. Burada ali təhsilin bakalavriat və magistratura, tam (11 illik) və ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə məlumatlar, qabiliyyət imtahanlarının proqramları, qiymətləndirmə meyarları, imtahanlara hazırlıqla bağlı tövsiyə və məs­lə­hətlər, tapşırıq nümunələri, əyani vəsaitlərdən reproduksiyalar, şəkillər və digər faydalı məlumatlar əksini tapıb.

Xəbər xətti