"Hər kəs hər fürsəti özü üçün piara çevirmək istəyir"

10:09 - 10 İyun 2025 - Cəmiyyət

"Görürəm ki, Azercell-in yeni metodologiya dəyişikliyi ilə bağlı artıq bəzi millət vəkilləri də heç nə başa düşmədən münasibət bildiriblər. Başa düşürəm, hər kəs hər fürsəti özü üçün piara çevirmək istəyir. Amma heç olmasa nəyisə anlayaraq sonra yazaq, pozaq və ya danışaq".

Ucnoqta.az xəbər verir ki, bunu Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası (AİKTSA) İdarə Heyətinin sədri Elvin Abbasov bildirib. Elvin Abbasov qeyd edir ki, bu məsələdə ən sərt və əsaslı tənqidi mən etmişəm:
"Amma tənqid edərkən vacibdir ki, nəyi tənqid etdiyimizi dəqiq başa düşək. Ən sadə və loru dildə desək: Azercell istifadəçiləri mütləq şəkildə bir tarif paketində olurlar. Söhbət bu tarif paketinin müddəti bitdikdən sonra baş verən prosesdən gedir. Əgər balansınız kifayət etmədiyi üçün tarif paketinizi dərhal bərpa edə bilmirsinizsə, əvvəllər 1 manatla 5 gün şəbəkəyə çıxış imkanı verilirdisə, indi bu dəyişib — 1 manat yalnız 1 günlük istifadə üçün nəzərdə tutulub. Əgər həmin 1 manatı bir gün ərzində tam istifadə etmədinizsə, qalığı balansda qalır, lakin xətt məhdudlaşdırılır. Növbəti yükləmədə isə həmin qalıq yeni yüklənmiş məbləğin üstünə əlavə olunur.
Əgər siz hər ay balansınızı vaxtında bərpa edirsinizsə və tarif paketində fasilə yaranmırsa, bu dəyişiklik ümumiyyətlə sizə təsir etmir".

Ekspertin sözlrəinə görə, burada tənqid oluna biləcək əsas məqam sadəcə 1 manatın istifadə müddətinin 5 gündən 1 günə endirilməsidir:
"Digər məbləğlər üçün də eyni qayda tətbiq olunur. Mobil operator sektorunda tənqidə ehtiyac olan kifayət qədər ciddi məsələlər var. Gəlin diqqətimizi əsas problemlərə yönəldək və onların həlli üzərində çalışaq.

Əlavə olaraq, Azercell-in bu metodologiya dəyişikliyinə real təsir göstərmək istəyirsinizsə, bunun yolu sosial şəbəkələrdə yazmaq yox, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan E-şikayət (https://e-complaint.icta.az/) portalına rəsmi şikayət ünvanlamaqdır"

Xəbər xətti