Niyaz İsmayılova yeni vəzifə verildi 

13:43 - 10 İyun 2025 - Xəbər

"PAŞA Həyat Sığorta" şirkətinin İdarə Heyətinin sədri Niyaz İsmayılov artıq bu gündən etibarən "PAŞA Sığorta" ASC-nin İdarə Heyətinin sədri vəzifəsini icra edəcək. 

FED.AZ etibarlı mənbələrdən əldə etdiyi məlumata görə, yaxın saatlarda Azərbaycan Mərkəzi Bankı tərəfindən təyinatla bağlı müvafiq icazənin veriləcəyi gözlənilir.    

Qeyd edək ki, Niyaz İsmayılov 2017-ci ilin fevral ayından “PAŞA Həyat Sığorta” şirkətində İdarə Heyətinin sədri vəzifəsini icra edir. O, daha əvvəl həmin şirkətin İdarə Heyəti sədrinin I müavini vəzifəsində olub. O, ali təhsilini 2003-cü ildə Bakı Dövlət Universitetinin İqtisadi kibernetika fakültəsində bakalavr, 2005-ci ildə isə magistr pillələri üzrə başa vurub. Daha sonra təhsili ABŞ-da davam etdirib. 

O, peşəkar iş təcrübəsinə anderraytinq üzrə mütəxəssis vəzifəsindən başlayıb. 2006-cı ilin sentyabr ayından “PAŞA Sığorta” ASC-də anderraytinq üzrə mütəxəssis işləyib. 2009-2010-cu illərdə həmin şirkətdə təkrarsığorta üzrə müdir, daha sonra anderraytinq və təkrarsığorta üzrə müdir vəzifələrinədək yüksəlib. N.İsmayılov 2010-cu ilin dekabr ayından “PAŞA Həyat Sığorta” ASC-nin İdarə Heyəti sədrinin müavini vəzifəsinə, 2016-cı ilin yanvar ayında isə İdarə Heyəti sədrinin I müavini vəzifəsinə təyin olunub. 2017-ci il 28 fevral tarixindən “PAŞA Həyat Sığorta” ASC-nin İdarə Heyətinin sədri vəzifəsini icra edirdi. 

Xəbər xətti