Çin hakimiyyəti Fars körfəzi regionunda vəziyyətin normallaşmasına və sabitliyin bərqərar olmasına kömək edəcək.
Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Çinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Çjay Tszyun bildirib.
Çin Xarici İşlər Nazirliyinin saytında yayılan məlumata görə, diplomat noyabrın 12-də Ər-Riyadda Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan Əl Səudla görüşüb.
Görüşdə ikitərəfli münasibətlər və Yaxın Şərqdəki mövcud vəziyyət ətrafında geniş fikir mübadiləsi aparılıb.
Çjay Tszyunun sözlərinə görə, Pekin tərəfləri gərginliyin artmasına səbəb ola biləcək addımlardan çəkinməyə çağırır. O, fikir ayrılıqlarının dialoq və danışıqlar yolu ilə həllinin vacibliyini vurğulayıb.
Xüsusi nümayəndə qeyd edib ki, münaqişənin daha da kəskinləşməsi və hərbi əməliyyatların genişlənməsi yolverilməzdir. Onun fikrincə, qarşıdurma ziddiyyətləri dərinləşdirir, dialoq isə yeganə düzgün yoldur.
Diplomat Qırmızı dəniz hövzəsində vəziyyətin gərginləşməsinin regionun təhlükəsizliyinə və inkişafına mənfi təsir göstərdiyini də xatırladıb.
