Giləmeyvələr vitaminlər, antioksidantlar və qida lifləri ilə zəngin olduğu üçün sağlam qidalanmanın faydalı hissəsi hesab olunur. Böyüklər üçün gündə təxminən 150-300 qram giləmeyvə qəbul etmək kifayət edə bilər. Ən yaxşı seçim onları şəkər əlavə etmədən təzə və ya dondurulmuş halda yeməkdir.
Ucnoqta.az xəbər verir ki, giləmeyvələrin tərkibində antosianinlər, flavonoidlər, C vitamini, B qrupu vitaminləri və qida lifləri var. Lif bağırsaqların normal fəaliyyətinə və sağlam mikrobiomun qorunmasına kömək edir. Müxtəlif giləmeyvə növlərini növbə ilə qəbul etmək fərqli faydalı maddələrdən yararlanmağa imkan verir.
Lakin həddindən artıq giləmeyvə yemək bəzi insanlarda köp, mədə yanması və həzm narahatlığına səbəb ola bilər. Tərkibindəki şəkərlər və üzvi turşular xüsusilə həssas mədə-bağırsaq sistemi olan insanlarda problem yarada bilər.
Diabet, qastrit və ya qıcıqlanmış bağırsaq sindromu olan şəxslər giləmeyvə miqdarına daha diqqətlə yanaşmalıdırlar.
Arıqlamaq istəyənlər üçün isə giləmeyvələr yaxşı seçimdir. Onlar şirniyyatlara nisbətən daha az kalorili olmaqla yanaşı, liflə zəngin olduqları üçün uzun müddət toxluq hissi yarada bilərlər.
Ən faydalı seçim: təzə və ya dondurulmuş giləmeyvə. Mürəbbə və şəkər əlavə edilmiş desertlərdə isə faydalı xüsusiyyətlərin bir hissəsi itir və şəkər miqdarı əhəmiyyətli dərəcədə artır.
