Yaponiyada keçirilən birgə hərbi təlimlər zamanı ABŞ hərbçilərinə spirtli içki qəbul etmək qadağan edilib, onların hərbi hissələrin yerləşdiyi ərazilərdən kənara çıxışı isə məhdudlaşdırılıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Kyodo” agentliyi Yaponiyanın müdafiə nazirinin parlament üzrə müavini Kiyosi Odavaranın açıqlamasına istinadən məlumat yayıb.
Məhdudiyyətlər Tokionun müraciətindən sonra ABŞ hərbi komandanlığı tərəfindən tətbiq edilib. Buna səbəb Okinava adasında amerikalı dəniz piyadasının yerli sakini öldürməkdə və qarət etməkdə şübhəli bilinərək həbs olunmasıdır.
Oktyabrın 19-da başlayan “Keen Sword” adlı genişmiqyaslı ABŞ-Yaponiya birgə hərbi təlimləri oktyabrın 29-dək ölkənin müxtəlif ərazilərində və akvatoriyalarında davam edəcək.
