ABŞ alimlərinin keçirdiyi araşdırmaya görə, insanın boyu onun şəxsi həyatını birbaşa müəyyənləşdirməsə də, özünə münasibəti və özünəinamı vasitəsilə dolayı təsir göstərə bilər.
Ucnoqta.az bildirir ki, təxminən 1000 nəfərin iştirak etdiyi sorğuda özünü hündürboy hesab edənlərin 58 faizi şəxsi həyatından tam razı olduğunu bildirib. Orta boylu respondentlər arasında bu göstərici 54, qısaboylu iştirakçılar arasında isə 50 faiz olub.
Araşdırmada hündürboy insanların özlərini karyerada da daha üstün mövqedə gördükləri qeyd edilib. Onların bir qismi rəhbərlərin diqqətini daha çox çəkdiklərini və daha yüksək gəlir əldə etdiklərini düşünüb.
Mütəxəssislər isə vurğulayıblar ki, şəxsi həyatın keyfiyyəti birbaşa boydan asılı deyil. Bu əlaqə daha çox insanın özünü necə qəbul etməsi və özünəinamı ilə bağlı ola bilər.
