ABŞ Müdafiə Nazirliyi (Pentaqon) son 25 ildə əsas silah sistemlərinin sınaqlarına dair məxfilikdən çıxarılmış hesabatları rəsmi internet saytından silib.
Ucnoqta.az xəbər verir ki, Bloomberg agentliyinin məlumatına görə, bu addım iyulun 30-da ictimaiyyətə əvvəlcədən elan edilmədən atılıb. Qərar Müdafiə Nazirliyinin Silah Sınaqları Bürosunun rəhbəri Emi Henninqerin göstərişi ilə həyata keçirilib.
Pentaqon bildirib ki, bu, ABŞ-ın əməliyyat döyüş hazırlığını gücləndirmək məqsədilə görülmüş “profilaktik tədbir” olub.
Nazirlik hesab edir ki, düşmən xarici qüvvələr süni intellekt və digər müasir texnologiyalardan istifadə edərək açıq mənbələrdə olan ayrı-ayrı məlumatları birləşdirə və ABŞ-ın kritik infrastrukturu və müdafiə imkanlarının zəif tərəflərini əks etdirən ətraflı profillər hazırlaya bilərlər.
Bundan sonra həmin hesabatlara yalnız Federal Təhqiqat Bürosunun (FBI) yoxlamasından keçərək müvafiq giriş icazəsi alan əməkdaşlar çıxış əldə edə biləcəklər.
