Məktəbdə suyun 100°C-də qaynadığını, 0°C-də isə donduğunu öyrənsək də, müəyyən şəraitdə bu qayda dəyişə bilər.
Ucnoqta.az xəbər verir ki, təzyiq kəskin azaldıqda su otaq temperaturunda belə qaynamağa başlayır. Buxarlanma zamanı maye öz istiliyini itirdiyi üçün sürətlə soyuyur və nəticədə qaynayan suyun səthində buz kristalları əmələ gəlir.
Bu hadisə suyun üçlü nöqtəsi ilə əlaqədardır. Təxminən 0,01°C temperatur və 611 paskal təzyiqdə su eyni vaxtda maye, buz və buxar halında mövcud ola bilir. Bu, termodinamik tarazlığın nadir nümunəsidir.
Belə şərait laboratoriyalarda süni şəkildə yaradılır. Oxşar atmosfer təzyiqi isə Marsda mövcuddur. Buna görə də Mars səthində maye su yaranarsa, o, sürətlə qaynamağa başlayacaq, istiliyini itirəcək və qısa müddətdə donaraq buza çevriləcək. Bu səbəbdən Marsda maye su uzun müddət sabit qala bilmir.
