Niderlandın paytaxtı Amsterdamın qərbində yerləşən yaşayış rayonunda bazar ertəsi gecə iki partlayış baş verib.
Ucnoqta.az xəbər verir ki, “AT5” telekanalının məlumatına görə, hadisələr yerli vaxtla saat 04:00 radələrində, qısa fasilə ilə qeydə alınıb.
İlk partlayışdan sonra yaşayış binasının giriş qapısında yanğın başlayıb. Hadisə yerinə gələn yanğınsöndürənlər alovu qısa müddətdə söndürüblər.
Bundan az sonra qonşu küçədə, digər yaşayış binasının girişində ikinci partlayış baş verib. Nəticədə binanın giriş hissəsinə ziyan dəyib.
Hadisələr nəticəsində xəsarət alan olmayıb. Polis araşdırmaya başlayıb, hələlik saxlanılan yoxdur. Hüquq-mühafizə orqanları partlayışların bir-biri ilə əlaqəli olub-olmadığını müəyyənləşdirirlər.
Polis hadisələrin şahidi olan şəxsləri məlumat verməyə çağırıb.
