Hər gün duş qəbul etmək tibbi zərurət deyil. Dermatoloqlar bildirirlər ki, həddindən artıq yuyunmaq dərinin qoruyucu baryerinə zərər verə və quruluq, qaşınma, qıcıqlanma yarada bilər.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Martha Stewart” nəşri dermatoloqların fikirlərinə istinadən yazıb.
Mütəxəssislərin sözlərinə görə, duşun tezliyi insanın həyat tərzindən, dəri tipindən və fiziki aktivliyindən asılıdır. Tərləmə və xoşagəlməz qoxunun yarandığı qoltuqaltı, qasıq nahiyəsi, ayaqlar və dəri büküşlərinin gündəlik təmizlənməsi kifayət edə bilər.
Bəzi insanlar günaşırı və ya həftədə bir neçə dəfə duş qəbul etməklə də dərilərinin sağlamlığını qoruya bilərlər.
Yağlı dəriyə və sızanağa meyilli şəxslərə intensiv tərləmədən sonra duş qəbul etmək tövsiyə olunur. Quru və həssas dərisi olanlar, xüsusilə ekzema xəstələri isə isti sudan ehtiyat etməlidirlər.
Dermatoloqlar duşun 5-10 dəqiqə davam etməsini, isti deyil, ilıq sudan və ətirsiz, yumşaq təmizləyici vasitələrdən istifadəni məsləhət görürlər. Duşdan sonra dəri hələ nəmliykən nəmləndirici krem çəkmək də vacibdir.
Dəridə dartılma, qaşınma, qabıqlanma və qıcıqlanmanın artması həddindən artıq yuyunmanın əlamətləri ola bilər.
