Pakistan hakimiyyəti həbsdə olan keçmiş baş nazir və müxalif Pakistan Ədalət Hərəkatının (PTI) qurucusu İmran Xanın bacıları Uzma Xan və Norin Niyazini saxlayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə “The Express Tribune” qəzeti məlumat yayıb.
Məlumata görə, hər iki qadın ictimai asayişin qorunması haqqında qərar əsasında 30 gün müddətinə saxlanılıb. Bundan bir gün əvvəl siyasətçinin digər bacısı Alima Xan da eyni maddə ilə həbs edilib.
Saxlanılmalar PTI-nin sentyabrın 27-də İslamabadda İmran Xanın azadlığa buraxılması tələbi ilə aksiya keçirməyə hazırlaşdığı bir vaxtda baş verib.
Hakimiyyətin qərarında qadınların əvvəlki etirazlarda iştirak etdiyi, yolların bağlanmasına və dövlət əmlakına ziyan vurulmasına səbəb olan fəaliyyətlərə çağırış etdikləri iddia olunur. Həmçinin onların sosial şəbəkələr və kütləvi toplantılar vasitəsilə tərəfdarları yenidən səfərbər etdiyi və ictimai asayiş üçün təhlükə yaratdığı bildirilib.
