İşıqların yanması, təkərlərin açıq olması... - Pilot AÇIQLADI

20:49 - 26 Dekabr 2024 - Cəmiyyət

“Azərbaycan Hava Yolları” aviaşirkətinin (AZAL) Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Qazaxıstanın Aktau şəhərində qəza enişi edib. Təyyarədəki 67 nəfərdən 38-i həlak olub, 29-u yaralanaraq sağ qalıb.

Mətbuat təyyarənin Rusiya tərəfindən vurulduğunu bildirib.

Qeyd edək ki, təyyarə Bakıdan Qroznıya uçurdu. Təyyarə daha sonra hələlik məlum olmayan səbəblərdən Aktauya yönəlib.

İctimaiyyət arasında təyyarənin niyə Xəzər dənizinə endirilməməsi də müzakirə edilib. 

Məsələyə AZAL-ın kapitanı Tural Şahverdiyev aydınlıq gətirib.

Tural Şahverdiyev AzTV-yə açıqlamasında vurğulayıb ki, buna səbəb kapitanın təhlükəsiz şəkildə Aktau Hava limanına endirmək istəyi olub:

"Burada nə baş verdiyini biz bilmirik. Kapitanın qərarı mübahisə olunmur. Kapitan bu halda qərar verib ki, Aktau hava limanına eniş etsin. Təcrübəmə əsasən onu deyə bilərəm ki,  mövcud situasiyada Xəzər dənizinə qəza enişi etsəydi, həlak olanların sayı daha çox ola bilərdi. Burada məqsəd təhlükəsiz eniş etmək olub. İşıqların yanması, təkərlərin açıq olması göstərir ki, bunlar uşuş-enmə zolağına enmək barədə tam qərar veriblər. Qərar doğruydu. Son anda baş verən uğursuzluq qəzanın baş verməsinə səbəb olub. Heyət birlikdə daha yaxşı iş görmək üçün əllərindən gələni edib. Kapitan suya enməyi qərarlaşdırmamışdı. Əgər suya enmək barədə qərar alsaydı, dərhal suya eniş edərdi.  Əksinə kapitan Xəzərdən keçib Aktauya təhlükəsiz şəkildə enmə qərarı almışdı. "Qara qutu" tam araşdırıldıqdan sonra hadisənin niyən və nə səbəbdən baş verdiyi tam aydın olacaq. İndiki məqamda fərziyyələrə uyğun olaraq quş toqquşması zamanı təyyarənin hansı hissəsində problem yaranır ki, pilot uçuş-enmə zolağına enmə qərarı verir".

Xəbər xətti