"Təyyarə Qroznı üzərində olarkən ..." - Ekspertdən AÇIQLAMA

10:44 - 26 Dekabr 2024 - Cəmiyyət

"Hələ də məlum təyyarə qəzasının səbəbilə bağlı ağlabatan bir açıqlama yoxdur. Prezidentin tapşırığı ilə Komissiya yaradılıb, istintaq və araşdırma aparılır".

Ucnoqta.az xəbər verir ki, bunu  Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz deyib:

"Hələlik yalnız bir düşündürücü rəsmi açıqlama var. AZAL Bakı-Qroznı-Bakı və Bakı-Mahaçqala-Bakı marşrutları üzrə reyslərin dayandırıldığını bildirib. Görəsən nə üçün?

Qroznıda nə baş verib ki, AZAL uçuşları dərhal dayandırıb. Hansı ki, indiyədək bu baş verməmişdi.

Yəni bu rəsmi açıqlamadan görünən odur ki, nə baş veribsə Qroznıda olub. Təyyarənin görüntülərindən, Flightradar datasından da görünür ki, Qroznı üzərində təyyarənin idarəetməsində problem yaranıb.Beləliklə, AZAL-ın rəsmi məlumatı, Flightradar məlumatları, təyyarənin trayektoriya boyunca idarəetmə problemləri düşünmək üçün əsas verir ki, Qroznı üzərində olarkən təyyarədə nəsə baş verib.

Versiyalardan biri isə odur ki, təyyarə Qroznı üzərində olarkən Rusiyanın hava hücumundan müdafiə qüvvələrinin dronlara qarşı həyəcan siqnalı verilib, dronlarla bərabər (həmin anda dron hücumu olması məlum deyil) təyyarə də vurulub. Əlbəttə, bu versiyalardan birisidir. Daha ağlabatan görünəndir. Rusiya tərəfi isə daha çox quş sürüsü ilə toqquşma versiyasını irəli sürüb. Eyni zamanda hava şəraiti ilə bağlı ola biləcəyi versiyası da irəli sürülüb. Daha dəqiq məlumat isə güman ki "qara qutu" açılandan sonra, ciddi araşdırmalardan sonra komissiya tərəfindən veriləcək. Yeri gəlmişkən, ekipajın həqiqətən də "nəsə baş vermiş" təyyarəni uzun müddət idarə etməsi və qəza enişinədək gətirib çıxarması ağlasığmazdır.

Sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verir və xəsarət alanların da tezliklə şəfa tapmasını arzulayıram".

Xəbər xətti