Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Qazaxıstanın Aktau şəhəri yaxınlığında Azərbaycan hava yollarına məxsus təyyarənin qəzaya uğraması səbəbilə başsağlığı verib.
Ucnoqta.az xəbər verir ki, bu barədə o "X" hesabında paylaşım edib.
"Azərbaycan təyyarəsinin faciəvi qəzaya uğraması xəbəri məni dərindən kədərləndirdi. Bu hadisə nəticəsində yaşanan insan itkisi ilə əlaqədar qardaşım Prezident İlham Əliyevə və Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm. Düşüncələrimiz mərhumların ailələri ilədir və yaralananlara tezliklə şəfa diləyirik. Pakistan Azərbaycanın yanındadır", -Baş nazir qeyd edib.
Xatırladaq ki, Aktau şəhəri yaxınlığında AZAL-a məxsus Bakı-Qroznı reysini yerinə yetirən təyyarə qəzaya uğrayıb. Təyyarədə ekipaj üzvləri də daxil olmaqla 67 nəfər olub. Məlumata görə, 28 nəfər sağ çıxıb.