“Komforta can atmaq sonunda ailədaxili münasibətlərə mənfi təsir göstərir”

18:09 - 7 Noyabr 2017 - Cəmiyyət

Mehriban Zeynalova: “Qadın ona lazım olan diqqəti ərindən görməyəndə həmin qayğını başqa kişidə axtarır”

Orxan Oruc : “Qadın kiminləsə sosial-şəbəkədə ünsiyyət qurur və bu nəvazişi az da, olsa onda görürsə, real həyatı ilə ideal həyatı arasında seçim edəndə, qaçmağı üstün tutur”


Oktyabr ayının 31-də Şəkinin Öyrət kəndində 22 yaşlı gəlin evdən qaçıb. Şəki sakini Amənti Əlimərdanova noyabrın 1-də polis şöbəsinə gəlini Günəş Əlimərdanovanın itkin düşməsi ilə bağlı müraciət edib. Sonradan məlum olub ki, 2 uşaq anası olan gəlin gecə saatlarında evi tərk edib. Bunu həyat yoldaşı Nəsir Əlimərdanov ağlayan uşağın səsinə oyananda bilib. Kənddə öz traktoru ilə təsərrüfat işləri görüb ailəsini dolandıran Nəsir həm gəlinin, həm də özünün valideynlərinə xəbər verərək bildirib ki, həyat yoldaşı Günəş uşaqları evdə qoyaraq qaçıb. O, ərinin cibindən 20 manat pul və sənədlərini götürərək evi tərk edib. Ailə üzvülərinin sözlərinə görə, ailədə tez-tez söz-söhbət olub və gəlin əvvəllər də bir necə dəfə evdən gedib. Hər dəfə də atasigildə 2-3 ay qalıb. Bu dəfə gəlindən heç kimin xəbəri olmadığı üçün onun valideynləri də təşvişə düşüblər. İndi onun 4 yaşlı qızı Gülay və yaş yarımlıq olan oğlu Tunara oğlanın valideynləri baxır.

Son zamanlar bu cür hadisələrlə tez-tez rastlaşırıq. Bəs görəsən, gəlinləri evdən qaçmağa nə vadar edir? Bəziləri bunun imkansızlıqdan, bəziləri məişət zorakılığı, bəziləri isə sosial şəbəkələrdə tanışlıqla əlaqələndirir. Mövzu ilə bağlı “Üç nöqtə”yə açıqlama verən psixoloq Orxan Oruc bildirdi ki, bunun ilkin səbəbi qızların öz sevdikləri şəxslə ailə həyatı qura bilməmələridir: “İkincisi isə, insan könüllü şəkildə ailə həyatı qura bilmədiyi kimi, könüllü şəkildə də ailə həyatına son qoya bilmir, yəni, ayrılmağa qərarı verə bilmirlər. Və bunun nəticəsidir ki, qaçmağa üstünlük verirlər. Əvvəllər qadın ailə həyatından məmnun deyildisə, ya bununla barışır,  yaxud da ata evinə qayıdırdılar. Müasir dövrdə isə, vəziyyət bir az fərqlidir. Gəlinlər ata evinə yox, başqasına qoşularaq qaçırlar. Sözsüz ki, burada sosial şəbəkənin də təsiri var. Bir tərəfdən, insanın ünsiyyət qurmaq fürsəti və imkanı daha da çoxalır. İstər-istəməz evdə qayğını, nəvazişi görməyəndə, bunları başqa yerlərdə, başqa insanlarda axtarmağa başlayırlar. Əgər qadın sosial şəbəkədə tanış olduğu adamdan ailədə ərindən eşidmədiyi xoş sözlər, şirin vədlər eşidirsə, ona inanır. Belə olan halda real həyatı ilə ideal həyatı arasında seçim edəndə, qaçmağı üstün tutur”. 

Psixoloq qeyd edir ki, adətən, sosial şəbəkələrdəki ünsiyyət aldadıcı olur: “Çünki, əksər vaxt qadına elə gəlir ki, ən ideal kişi və ən yaxşı tapacağı insan məhz sosial-şəbəkədə danışdığı insandır. Bu, bir az illuziya xarakterli olur, hər kəs orda özünü mələk kimi, mükəmməl insan kimi təqdim etməyi bacarır.  Bəzən gəlinlərin qaçmasına səbəb olan hansısa kişilər, oğlanlar da, özlərini sosial şəbəkədə məhz elə təqdim edirlər və bu da, gəlinlərin qaçmasına səbəb ola bilir”. 

O.Oruc dedi ki, müasir dövrdə sosial şəbəkələrlə yanaşı, kütləvi informasiya vasitələrinin də təsiri var: “Yəqin ki, Azərbaycanda ailəsindən məmnun olmayan, evdən qaçmağı planlayan gəlinlər kifayət qədərdir. Lakin, onlar ictimai qınağa, hansısa adət-ənənələrimizə və s. görə bu addımı atmırlar. Amma, sosial şəbəkədə, yaxud informasiya vasitəsində eşidəndə ki, kimsə belə bir addım atıb, dərhal həmin qadın düşünür ki, çıxış yollarından biri budur və bu addımı atmaq olar. Beləliklə də, bu, qərarın verilməsinə və kütləviləşməsinə səbəb olur. Əvvəllər də ailəsini tərk edən, qaçan olub. Sadəcə, bu məsələ kütləviləşmədiyi, insanlara toplu şəkildə çatmadığı üçün, onunla eyni vəziyyətdə olan gəlinlərə də, bu məlumat çatmayıb. Belə ki,  bu da onlar üçün, təkrarlanacaq bir vərdişə çevrilməyib. Amma, müasir dövr informasiya dövrü olduğu üçün, hər məlumat sürətlə yayılır, hər kəs bundan məlumatlı olur. Bəziləri isə, bu informasiyanı özü üçün, bir davranış nümunəsi olaraq görür. Düşünür ki, ən yaxşısını elə o qaçan gəlin edib, “mən də elə edəcəm” düşüncəsi ilə, bu addımı atırlar”. 

O.Orucun sözlərinə görə, ümumiyyətlə, ailələrin dağılması, ata-ananın ayrı yaşamasının uşaqların psixologiyasına birbaşa təsiri var: “Düşüncəli, savadlı, təhsilli, dünyagörüşlü insanlar ayrılanda bunu normal şəkildə təşkil edirlər ki, uşağa dəyəcək psixoloji zərbənin gücü, təsiri az olsun. Onlar övladları üçün, bir araya gəlməyi bacarır və uşaqlarına olacaq psixoloji zərbəni az da olsa, yüngülləşdirə bilirlər. Amma, sözsüz ki, intellekt səviyyəsi aşağı, dünyagörüşü zəif, təhsildən uzaq olan insanların ailələrinin dağılması nəticəsində, valideynlərinin birindən məhrum olan uşağın psixologiyasına zərbə də daha çox olacaq. Çünki, bu cür ailələr elə formada ayrılırlar ki, övladlarının yaxşılığı, gələcəyi və normal psixikada yetişməsi üçün, bir araya gələ bilmirlər”.
Psixoloq Elnur Rüstəmov isə heç kimin keyfindən evdən qaçmadığını vurğulayır: “Əgər ailədə ərlə arvad, valideynlə uşaq arasında münasibət normal olarsa, kimsə evdən uzaqlaşmaq fikrinə düşməyəcək. Son zamanlar biz övladı olan anaların, yaxud həddi büluğa çatmamış qız uşaqlarının evdən qaçmasına şahid oluruq. Bu yeni dövrə uyğunlaşa bilməyən insanların problemidir. Digər tərəfdən isə internet resursları, mobil telefonlar ailədaxili münasibətlərə təsir edir. Bu gün əksəriyyət komfort həyat yaşamaq istəyir. Bu hər kəsin haqqı ola bilər, amma bunun üçün zaman lazımdır. Hər şey seriallarda olduğu kimi gözəl deyil. Seriallara baxanda görürük ki, səhərdən axşama kimi qeybət edirlər, öz gözəl həyatlarını göstərirlər. Orada iş görmək söhbəti yoxdur. Azərbaycanın insanın bir qismi məsələni tam şəkildə həzm edə bilmir. Komforta can atmaq sonunda ailədaxili münasibətlərə mənfi təsir göstərir”.
Son zamanlar boşanma proseslərinin də artdığına diqqət çəkən E. Rüstəmov bunun bir səbəbini də psevdo psixoloqların çoxalmasında görür: “Ərlə arvad arasında yaranan problemə başqa biri müdaxilə edir. Buna ruh qardaşım, dərdimi, problemimi bölüşdüyüm adam deyirlər. Sonda yanlış yönləndirmə böyük problemlərə gətirib çıxarır. Ona görə də bu prosesdə diqqətli olmaq lazımdır. Bu zaman peşəkarlara müraciət edilməlidir. Belə olan halda ailədaxili zorakılıq, evdən qaçma kimi hallar baş verməyəcək. Zamanında müdaxilə edilməzsə, illərcə bu prosesin ağırlığının şahidi ola bilərik”.
“Təmiz dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova isə problemin müxtəlif səbəblərdən qaynaqlandığını bildirib: Təmiz Dünya İctimai Birliyinin sədri Mehriban Zeynalova gəlinlərin evi tərk etməsində günahı kişilərdə görür. Birlik sədrinin sözlərinə görə, kişilərin öz ailələrinə kifayət qədər biganəliyi, diqqətsizliyi sonda avradın evi tərk etməsi ilə nəticələnir: “Qadın ona lazım olan diqqəti ərindən görməyəndə həmin qayğını başqa kişidə axtarır. Kişilər qadınları ilə oturub söhbət etmək, onların ehtiyaclarını bilmək istəmirlər. Ailə başçısının evə kənar şəxslər gətirməsi təbii ki, müəyyən hadisələrlə nəticələnir. Bir sözlə, ənənəvi Azərbaycan ailəsində kişi öz həyat yoldaşına kifayət qədər xoş söz demək, onunla vaxt keçirməyi həmişə ikinci plana saxlayır. Hamıya, hər şeyə vaxt tapır, başqaları ilə vaxt keçirməyi daha rəngarəng hesab edirlər, nəinki öz həyat yoldaşları ilə. Kim ki, iradəlidir dayanır, kim ki, iradəsi zəifdir qarmağa düşür”.

Gəlinlərin baş götürüb evdən getməsində hər iki tərəfin gühankar olduğunu deyən M.Zeynalova hesab edir ki, bu cür ailələr sonda dağılır: “Əvvəllər ailə quranlar hamısı əmin idi ki, onlar ömürlərinin sonuna kimi birlikdə yaşayacaqlar. Amma indi gənclər sığortalanmamış ailə qururlar, hər dəqiqə boşanmağa hazırdırlar. Mən demirəm ki, yalnız kişilər günahkardır. Qadınlar da təmkinli olmalıdır. Hamı rahatlığını istəyir. Əvvəllər ana deyirdi ki, mən həyatı boyu evi övladsız tərk etmərəm. Amma indi bunu edirlər. Bir sözlə indiki ailələrdə nə yoldaşına, nə övladına qarşı sevgi yoxdur”.

Evdən qaçan gəlinlər arasında Təmiz Dünya İctimai Birliyinə üz tutanların da olduğunu deyən M.Zeynalovanın sözlərinə görə, onlardan birini ailəsi ilə barışdırmaq mümkün olsa da digərləri bu addımı atımır: “Bizə müraciət edən gəlinlər rayonlarda yaşayanlar olub. Onlar da yoldaşından qaçıblar. Səbəb kimi isə kişinin xəyanəti göstərilib. Çox vaxt isə cavan gəlinlərin evi, ailəsini tərk edərək başqasına qoşulub qaçması, evə yad adamın gətirilməsi, həmin dostun fürsətdən istifadə edərək qadını yoldan çıxartması göstərilib. Həyat yoldaşlarından həmin qayğı və diqqəti görməyən qadın yad kişinin toruna düşür. Bütün bunlar gəlinlərin evi tərk etməsinə səbəb olur”. 


Könül Əhmədova

 

Xəbər xətti