Sabahdan MİQ imtahanları başlayır: 40 baldan ...

11:30 - 1 İyul 2024 - Xəbər

İyulun 2-dən Müəllimlərin işə qəbulu üzrə (MİQ) müsabiqənin test imtahanı mərhələsi başlayır. Test imtahanları iyulun 2-dən 10-dək ölkənin 18 şəhəri olmaqla 39 imtahan mərkəzində təşkil olunacaq.

Ucnoqta.az MİQ üzrə müsabiqənin test imtahanı mərhələsinə dair məlumatları təqdim edir:

Test imtahanında hər bir namizədə onun ixtisası üzrə ümumi təhsil müəssisələrinin fənn proqramlarına aid 40 sual, tədris metodikası və təlim strategiyalarına aid 20 sual təqdim edilir.

Test tapşırıqlarının cavablandırılması üçün namizədlərə 150 dəqiqə vaxt ayrılacaq.

Bu mərhələdə ixtisas üzrə düzgün cavablandırılan test tapşırıqları 2 bal, tədris metodikası və təlim strategiyaları üzrə isə 1 bal olaraq hesablanacaq. Ümumilikdə 100 ballıq qiymətləndirmə sistemi tətbiq ediləcək.

Qaydalara əsasən, ixtisas üzrə 1 səhv cavablandırılmış sual -0,5 bal, tədris metodikası üzrə isə - 0,25 bal şəklində hesablanaraq namizədin imtahan nəticəsinə təsir göstərəcək.

Test imtahanında ümumtəhsil proqramı üzrə minimun 34 bal və tədris metodikası üzrə minimum 6 bal olmaqla, ümumi 40 bal və daha yüksək nəticə göstərən namizədlər vakant yerlərin seçiminə buraxılır.

Test imtahanı mərhələsində keçid balı toplamış namizədlər səkkiz vakant yer seçə bilərlər. Namizədlərin vakant yerlərə yerləşdirilməsi onların elektron ərizədə qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılır.

Xəbər xətti