AAYDA CAREC proqramına üzv ölkələrin tədbirində iştirak edib

17:24 - 3 İyul 2024 - Xəbər

Türkiyə Respublikasının İstanbul şəhərində Asiya İnkişaf Bankının təşkilatçılığı ilə CAREC proqramı (Central Asia Regional Economic Cooperation - Mərkəzi Asiya regionu iqtisadi koorparasiyası) çərçivəsində yol-nəqliyyat hadisələri məlumatlarının idarə olunması ilə bağlı tədbir keçirilib.

Ucnoqta.az xəbər verir ki, CAREC proqramına üzv ölkələrdən Azərbaycan, Türkiyə, Tacikistan, Pakistan, Çin, Qazaxıstan, Türkmənistan, Özbəkistan, Qırğızıstan, Monqolustan və Gürcüstan respublikalarından nümayəndə heyətlərinin qatıldığı tədbirdə Azərbaycanın  nümayəndə heyətinin tərkibində iştirak edən   Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Avtomobil Yollarının İstismarı və Təmiri Baş idarəsinin Hərəkətin Təşkili və Təhlükəsizliyi şöbəsinin rəisi Seymur Aslanov tərəfindən respublikamızın yol infrastrukturu barədə məlumat verilib, son illərdə görülmüş işlər və təhlükəsizlik tədbirləri haqqında arayış təqdim olunub. 

Müzakirələr zamanı Azərbaycan Respublikasının Yol Təhlükəsizliyi Haqqında 2019-2023-cü illər üzrə Dövlət Proqramı, azad olunmuş torpaqlarda Böyük Qayıdışa dair I Dövlət Proqramı və Agentlik tərəfindən aparılan bərpa-quruculuq, Bakı şəhərində mobillik üzrə görülmüş işlərdən, hibrid və elektromobillər üçün dövlət siyasətindən danışılıb. 

Tədbirdə yol-nəqliyyat hadisələri barədə məlumatların yığılması, emal olunması və vahid bazaya ötürülməsi, verilənlər bazasının (data base) daha detallı şəkilə salınmasının vacibliyi barədə təlimlər keçirilib, üzv ölkələrin son dövrlərdə yol-nəqliyyat sahəsində gördüyü təhlükəsizlik tədbirləri ilə bağlı müzakirələr aparılıb, təlimin proqramına uyğun xüsusi tapşırıqlar hazırlanıb və digər ölkələrdən olan mütəxəssislərlə birgə verilən tapşırıqların icrası təmin olunub. 

Xarici təcrübələr barədə müzakirə zamanı gələcəkdə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin interaktiv xəritəsinin hazırlanması və məlumatların daima yenilənərək “GİS” xəritə üzərinə köçürülməsi məqsədə uyğun hesab edilib.
    
Tədbir zamanı iştirakçı ölkələr arasında yol-nəqliyyat hadisələri zamanı həlak olanların say azlığına görə Azərbaycanın ilk yerdə olduğu da diqqətə çatdırılıb.

Qeyd edək ki, tədbirin sonunda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Avtomobil Yollarının İstismarı və Təmiri Baş idarəsinin Hərəkətin Təşkili və Təhlükəsizliyi şöbəsinin rəisi Seymur Aslanov yol-nəqliyyat hadisələrinin statistikasının idarə olunmasına görə Təkmilləşdirmə Sertifikatı ilə təltif edilib.


Xəbər xətti