Fərid Əhmədov Mentorluq proqramı çərçivəsində müsabiqə qalibləri ilə görüşüb

14:21 - 7 Mart 2025 - Xəbər

Ədliyyə naziri Fərid Əhmədov "Yüksəliş" müsabiqəsinin Mentorluq proqramı çərçivəsində dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri Eyyub Fətəliyev və Rüfət Məmmədxanlı ilə görüşüb.

Fərid Əhmədov qalibləri müsabiqədə əldə etdikləri uğur münasibətilə təbrik edib, müsabiqənin onların gələcək inkişafında önəmini vurğulayıb. Görüşdə ədliyyə sahəsində görülmüş işlər, həyata keçirilən islahatlar fonunda yarana biləcək çətinliklər və real imkanlar, qarşıda duran hədəflər və bu sahədə çağırışlar barədə söhbət aparılıb.

Nazir mentorluq proqramı çərçivəsində öz təcrübə və biliklərini bölüşəcəyini və gələcək rəhbər şəxslər kimi qaliblərin potensiallarının daha da inkişaf etdirilməsi üçün köməklik göstərəcəyini bildirib. Fərid Əhmədov qaliblərin fikirlərini dinləyib, mentorluq proqramı çərçivəsində görüləcək işləri qeyd edib, birillik fərdi inkişaf planının icrasından bəhs edib.

Nazir görüşdə həmçinin vurğulayıb ki, qaliblərin mentorluq proqramını yüksək səviyyədə həyata keçirməsi üçün Ədliyyə Nazirliyi tərəfindən lazımi şərait yaradılacaq.
Müsabiqə qalibləri Ədliyyə Nazirliyinin fəaliyyət istiqamətləri üzrə müxtəlif sahələrə maraq göstərdiklərini bildirib, bu istiqamətlərdə bilik və bacarıqların əldə edilməsində mentorluq proqramının onlar üçün faydalı olacağını vurğulayıblar. 
"Yüksəliş" müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixli Sərəncamı ilə təsis edilib. Müsabiqənin qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı ilə təmin olunur və 20 min manatlıq mükafat qazanırlar. 

Beşinci “Yüksəliş” müsabiqəsinin keçirilməsi barədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 18 dekabr 2024-cü il tarixində müvafiq Sərəncam imzalayıb.

Xəbər xətti