Avropa Liqasının qrup mərhələsinin ilk turu çərçivəsində “Qarabağ”ı Bakıda 3:0 məğlub edən İspaniya “Sevilya”sının baş məşqçisi Xulen Lopeteqi mətbuat konfransı keçirib.
İspaniyalı mütəxəssis birbaşa sualları cavablandırıb.
– Sona qədər mübarizə aparan “Sevilya” gördük. Digər oyunlardan fərqli olaraq, bu dəfə qol sayı da bol oldu. Bu barədə nə deyə bilərsiniz?
– Rəqib öz meydanında oynayırdı. Ab-hava bizə oyunun əvvəlində müəyyən problemlər yaratdı. Ancaq hesabı açdıqdan sonra işimiz asanlaşdı və növbəti qollar gəldi.
– Gözlədiyiniz “Qarabağ”ı gördünüzmü?
– “Qarabağ”ın təcrübəsi hiss olunurdu. Məşqçi işi görünürdü.
– “Düdelanj” bu axşam APOEL-i səfərdə məğlub etdi. Püşkatmadan sonrakı gözləntilərinizlə qrupdakı indiki durum düz mütənasib təşkil edirmi?
– Futbolda təəccüblü heç nə olmur. İstənilən rəqibə hörmətlə yanaşmaq lazımdı.
– Nəticədən savayı nədən razı və nədən narazı qaldınız?
– Xüsusilə kimisə qeyd etmək istəməzdim. Yaxşı komandaya qalib gəldik.
– 3:0 hesabı komandalar arasındakı fərqi nə dərəcədə əks etdirir?
– “Qarabağ”ın APOEL-lə hər iki oyununu izləmişəm. Ağdamlılar kiprliləri turnirdən kənarlaşdıra bilərdi, eyni zamanda da APOEL “Ayaks”ı ÇL-dən kənar qoya bilərdi.
– Həftə sonu Madrid “Real”ına məğlub olsanız, bunu Bakıya uzaq yolçuluqla əlaqələndirməyəcəksiniz?
– Bu barədə sabah danışarıq.
/qafqazinfo
