Yemək və ya su içərkən yaranan öskürək çox vaxt adi refleks kimi qəbul edilir. Lakin bu halın tez-tez təkrarlanması udma ilə bağlı problemin əlaməti ola bilər.
Ucnoqta.az xəbər verir ki, xüsusilə yaşlı insanlarda rast gəlinən udma çətinliyi qida və mayelərin nəfəs yollarına keçməsinə səbəb ola bilər. Bu isə ağciyər infeksiyaları, o cümlədən pnevmoniya riskini artıra bilər.
Udma prosesi çoxsaylı əzələ və sinirlərin koordinasiyalı fəaliyyətini tələb edən mürəkkəb mexanizmdir. Yaş artdıqca bu mexanizmdə müəyyən zəifləmələr baş verə və disfagiya, yəni udma pozğunluğu yarana bilər.
Hansı əlamətlərə diqqət etmək lazımdır?
Mütəxəssislər xüsusilə aşağıdakı halların diqqətdən kənarda qalmamasını tövsiyə edirlər:
yemək və ya su içərkən davamlı öskürək;
boğulma hissi;
yeməkdən sonra səsdə dəyişiklik;
qidanın udulmasında çətinlik;
yemək müddətinin əvvəlkindən xeyli uzun çəkməsi;
təkrarlanan ağciyər infeksiyaları.
Qulaq-burun-boğaz mütəxəssisi Prof. Dr. Ömər Erdurun sözlərinə görə, yaş artdıqca əzələ gücünün azalması, reflekslərin zəifləməsi, ağız və boğaz nahiyəsində hissiyyatın azalması və udlaq əzələlərinin koordinasiyasının pozulması udma funksiyasına təsir göstərə bilər.
Diş problemləri və ağız suyunun azalması da bu prosesə təsir edən amillər sırasında göstərilir.
Qida ağciyərlərə keçə bilər
Udma pozğunluğunda əsas təhlükələrdən biri qida və ya mayenin qida borusu əvəzinə tənəffüs yollarına düşməsidir. Tibbdə bu hal aspirasiya adlanır.
Aspirasiya xüsusilə yaşlı insanlarda pnevmoniya riskini artıra bilər. Bəzi hallarda isə qida və ya maye nəfəs yollarına keçsə də, güclü öskürək müşahidə olunmaya bilər.
Buna görə də tez-tez təkrarlanan ağciyər infeksiyaları udma problemi baxımından araşdırılmalıdır.
Yeməkdən qaçmaq başqa problemlərə yol aça bilər
Udma zamanı çətinlik və ya boğulmaq qorxusu bəzi insanların zamanla yeməkdən yayınmasına səbəb olur. Nəticədə çəki itkisi, qidalanma çatışmazlığı və əzələ kütləsinin azalması yarana bilər.
Su içərkən öskürən insanlarda isə maye qəbulunun azalması susuzlaşma riskini artırır. Həmçinin həb və kapsulları udmaqda çətinlik çəkən şəxslərin dərmanlarını vaxtında qəbul etməsi də çətinləşə bilər.
Mütəxəssislər yemək və ya su içərkən öskürəyin davamlı xarakter aldığını bildirən şəxslərin bu əlaməti sadəcə yaşla əlaqələndirməməsini və həkimə müraciət etməsini tövsiyə edirlər.
