Menopoz dövründə baş verən hormonal dəyişikliklər baş ağrılarını, xüsusilə də miqren tutmalarını tətikləyə bilər. Lakin mütəxəssislər 50 yaşdan sonra ilk dəfə yaranan və ya xarakteri dəyişən baş ağrılarını yalnız menopozla əlaqələndirməyin düzgün olmadığını bildirirlər.
Ucnoqta.az xəbər verir ki, menopoz zamanı qadın orqanizmində müxtəlif hormonal dəyişikliklər baş verir. Estrogen səviyyəsindəki dalğalanmalar əvvəllər miqreni olan qadınlarda tutmaların daha tez-tez baş verməsinə səbəb ola bilər.
Nevroloq Songül Turğutun sözlərinə görə, miqrenlə hormonlar arasında güclü əlaqə mövcuddur. Xüsusilə menopozdan əvvəlki keçid dövrü olan perimenopauzada baş ağrıları daha da arta bilər.
Mütəxəssis qeyd edib ki, estrogen hormonundakı sürətli dəyişikliklər miqren tutmalarının tezləşməsinə, daha uzun sürməsinə və daha şiddətli keçməsinə səbəb ola bilər.
Bununla belə, hər baş ağrısını menopozla izah etmək olmaz. Xüsusilə 50 yaşdan sonra ilk dəfə ortaya çıxan, əvvəlkindən fərqli xarakter daşıyan və ya getdikcə şiddətlənən baş ağrılarının səbəbi həkim tərəfindən qiymətləndirilməlidir.
Yuxusuzluq və stress də təsir edə bilər
Menopoz dövründə baş ağrılarına yalnız hormonal dəyişikliklər deyil, həyat tərzindəki dəyişikliklər də təsir göstərə bilər.
Yuxu problemləri, isti basmaları, gecə tərləmələri, stress, nizamsız qidalanma və kifayət qədər maye qəbul etməmək miqren tutmalarını tətikləyə bilər.
Mütəxəssislər bu səbəbdən baş ağrılarına kompleks yanaşmağın vacib olduğunu bildirirlər.
Müalicə fərdi seçilməlidir
Menopoz dövründə miqrenin müalicəsində ağrıların tezliyi və müddəti, mümkün tətikləyicilər və digər menopoz əlamətləri birlikdə nəzərə alınır.
Müntəzəm yuxu, kifayət qədər su içmək, balanslı qidalanmaq, fiziki aktivlik və baş ağrısını tətikləyən amilləri müəyyənləşdirmək ağrıların nəzarətdə saxlanmasına kömək edə bilər.
Mütəxəssislər xüsusilə yaş artdıqca yeni başlayan və ya xarakteri dəyişən baş ağrılarına “normaldır” deyərək laqeyd yanaşmamağı tövsiyə edirlər.
