Alimlər müəyyən ediblər ki, pomidor pastasının müntəzəm istehlakı bəzi koqnitiv funksiyaların yaxşılaşması və beyində müəyyən dəyişikliklərlə əlaqəli ola bilər.
Ucnoqta.az xəbər verir ki, Antioxidants jurnalında dərc olunan araşdırmada 42 sağlam orta yaşlı insan iştirak edib. Onlar üç ay ərzində hər gün 35 qram pomidor pastası qəbul ediblər.
Nəticədə iştirakçılar seçici diqqətlə bağlı tapşırıqları daha yaxşı yerinə yetirib, assosiativ yaddaş göstəricilərində də cüzi yaxşılaşma müşahidə olunub. Qanda likopenin səviyyəsi isə əhəmiyyətli dərəcədə yüksəlib.
Alimlər hesab edirlər ki, bu təsirdə qırmızı pomidorların tərkibində bol olan likopen mühüm rol oynaya bilər. Bu antioksidantın qan-beyin baryerini keçə bildiyi və oksidləşdirici stressdən qorunmağa kömək etdiyi ehtimal olunur.
Bununla belə, tədqiqatın nəticələrinin daha geniş araşdırmalarla təsdiqlənməsinə ehtiyac var.
