Yəməndə fəaliyyət göstərən “Ənsar Allah” (husilər) hərəkatı Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı beynəlxalq hava limanına, həmçinin Xamis-Muşayt və Cizan şəhərlərindəki hərbi obyektlərə ballistik raketlərlə zərbələr endirdiyini iddia edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə hərəkatın hərbi nümayəndəsi Yəhya Səriyə məlumat verib.
Onun sözlərinə görə, husilər onlarla ballistik raketdən istifadə etməklə üç hərbi əməliyyat həyata keçiriblər.
Səriyə hücumların hədəfləri sırasında Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanını, Səudiyyə Ərəbistanının cənubunda yerləşən Xamis-Muşayt aviabazasını və Cizan şəhərindəki sərhəd qoşunlarının hərbi-dəniz bazasını göstərib.
Husilərin hərbi nümayəndəsi beynəlxalq aviaşirkətləri və sərnişinləri Ər-Riyad hava limanından istifadə etməməyə çağırıb. O, hava limanının təhlükəsiz olmadığını iddia edib.
Hələlik Səudiyyə Ərəbistanının rəsmi qurumları hücumlarla bağlı məlumatlara münasibət bildirməyib. Zərbələrin nəticələri və mümkün itkilər barədə də məlumat verilməyib.
