ABŞ Dövlət Departamenti 2026-cı ildə Ukraynada cinayətkarlıqla mübarizə məqsədilə pilotsuz uçuş aparatlarının (PUA) alınmasına təxminən 40 milyon dollar ayırıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə TASS ABŞ administrasiyasının dövlət satınalmaları portalında dərc olunan sənədlərə istinadən məlumat yayıb.
Sənədlərə əsasən, 2026-cı ilin fevralında Dövlət Departamentinin Narkotiklərlə Mübarizə və Hüquq-Mühafizə Məsələləri Bürosu Ukraynanın Stream Techno şirkətinə iki müqavilə üzrə ümumilikdə təxminən 32 milyon dollar ayırıb. Vəsait PUA-ların və onların yerüstü idarəetmə stansiyalarının alınmasına nəzərdə tutulub.
Avqust ayında həmin iki müqavilə üzrə ayrılan vəsaitin ümumi məbləği 39,9 milyon dollara qədər artırılıb.
Dövlət Departamentinin məlumatına görə, sözügedən qurum narkoterrorizmlə, narkotik qaçaqmalçılığı, transmilli mütəşəkkil cinayətkarlıq və digər kriminal təhdidlərlə mübarizə məqsədilə xarici hökumətlər, hüquq-mühafizə orqanları və özəl sektor nümayəndələri ilə əməkdaşlıq edir.
