Qaragilə faydalı giləmeyvələrdən biri hesab olunur.
Ucnoqta.az xəbər verir ki, yeni araşdırma onun müntəzəm qəbulunun ürək-damar sistemi və bağırsaq mikrobiomuna mümkün təsirlərini ortaya qoyub.
Alimlərin diqqətini xüsusilə qaragilənin tərkibindəki polifenollar, o cümlədən antosianinlər çəkib. Bu maddələr giləmeyvəyə tünd rəng verir, antioksidant xüsusiyyətlərə malikdir və iltihab proseslərinin azalmasına, damarların qorunmasına kömək edə bilər.
12 həftə davam edən BEACTIVE araşdırmasında artıq çəkisi olan, az hərəkətli həyat tərzi keçirən 60 yaşdan yuxarı 55 nəfər iştirak edib.
İştirakçıların bir hissəsi gündə iki dəfə qaragilə tozu əlavə edilmiş içki qəbul edib. Bu miqdar təxminən bir yarım stəkan giləmeyvəyə bərabər olub. Digər qrup isə plasebo içkisi qəbul edib. Hər iki qrup fiziki məşqlərlə də məşğul olub.
Nəticələr göstərib ki, qaragilə qəbul edən iştirakçıların bağırsaq bakteriyalarının tərkibində dəyişiklik baş verib. Faydalı mikroorqanizmlərin sayının artdığı müşahidə olunub. Bu bakteriyaların giləmeyvədəki bəzi maddələrin orqanizm tərəfindən mənimsənilməsinə kömək etdiyi düşünülür.
Xolesterin göstəricilərində isə nəticələr birmənalı olmayıb. Bəzi göstəricilər plasebo qrupunda daha çox azalıb. Tədqiqatçılar bunun iştirakçıların araşdırmada olduqlarını bilmələrinin davranışlarına təsiri ilə əlaqəli ola biləcəyini ehtimal edirlər.
Beləliklə, qaragilənin ürək-damar sistemi və bağırsaq mikrobiomu üçün faydalı təsirləri ola bilsə də, bu nəticələri təsdiqləmək üçün daha geniş araşdırmalara ehtiyac var.
