İspaniya hökuməti İtaliyanın Seutaya miqrant axınından sonra tətbiq etdiyi sərhəd nəzarətini avqustun 9-dək ləğv etməyəcəyi təqdirdə cavab tədbirləri görəcəyini bəyan edib.
Ucnoqta.az xəbər verir ki, Reuters agentliyinin yaydığı məlumata görə, Madrid Romanın tətbiq etdiyi məhdudiyyətləri “ədalətsiz, Avropa İttifaqının maraqlarına zidd və İspaniya vətəndaşlarına qarşı ayrı-seçkilik xarakteri daşıyan addım” kimi qiymətləndirib.
İspaniya hökuməti vurğulayıb ki, ötən həftə qanunsuz yolla Seutaya gələn miqrantların heç birinə Şengen zonasında sərbəst hərəkət etmək imkanı verilməyib. Bildirilib ki, anklavda qüvvədə olan miqrasiya qaydaları belə bir ssenarini istisna edir.
Madrid İtaliyanı sərhəd nəzarətini ən geci avqustun 9-dək ləğv etməyə çağırıb və əks halda cavab tədbirləri görəcəyini xəbərdar edib. Lakin həmin tədbirlərin nədən ibarət olacağı açıqlanmayıb.
