İspaniyanın Alikante şəhərində çimərlikdə aparılan abadlıq işləri zamanı təxminən 2 min il yaşı olan Roma ilahəsi Veneranın mərmərdən hazırlanmış heykəl başı aşkar edilib.
Ucnoqta.az xəbər verir ki, El País qəzetinin məlumatına görə, tapıntı eramızın I–II əsrlərinə aiddir. Fəhlələr xəndək qazarkən daş və tikinti torpağı arasında yaxşı qorunmuş mərmər baş aşkar ediblər. Bundan sonra işlər dərhal dayandırılıb və hadisə yerinə arxeoloqlar çağırılıb.
Alikante Mədəni İrs İdarəsinin rəhbəri Xose Manuel Peres Burqos bildirib ki, heykəl başı ümumilikdə yaxşı vəziyyətdədir. Onun yuxarı hissəsində iki bərkidici boltun izi, burun və çənə nahiyəsində isə kiçik zədələr müşahidə olunur.
Tapıntının çəkisi 14 kq, hündürlüyü 22,2 sm, eni isə 19,8 sm-dir. Mütəxəssislərin ilkin qənaətinə görə, bu, ayrıca büst deyil, tam ölçülü Venera heykəlinin bir hissəsidir.
Hazırda artefakt Alikante Müasir İncəsənət Muzeyində saxlanılır. Burada onun təmizlənməsi və elmi tədqiqi aparılır. Şəhər rəhbərliyi unikal tapıntını ilin sonunadək ictimaiyyətə təqdim etməyi planlaşdırır.
