ABŞ ordusu yaxın perspektivdə Yəməndə husilərin “Ənsar Allah” hərəkatının mövqelərinə zərbələr endirməyəcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə The New York Times qəzeti ABŞ administrasiyasındakı adı açıqlanmayan mənbələrə istinadən məlumat yayıb.
Qəzetin yazdığına görə, ABŞ Prezidenti Donald Tramp əvvəlcə husilərə qarşı hərbi zərbələrin endirilməsinin əleyhinə olub. Lakin sentyabrın 17-də Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman Əl Səud ilə telefon danışığından sonra Tramp Pentaqona hücuma hazırlaşmaq barədə göstəriş verib.
Lakin sentyabrın 20-də ABŞ lideri mövqeyini yenidən dəyişib. Mənbələrin NYT-yə bildirdiyinə görə, “ən azı hələlik” ABŞ-ın husilərə qarşı hava zərbələri həyata keçirməsi planlaşdırılmır.
Trampın qərarını dəyişməsinin səbəbi açıqlanmayıb.
Ağ Evdən isə bildirilib ki, ABŞ-ın Səudiyyə Ərəbistanı ilə müdafiə sazişi var və Vaşinqton müttəfiqlərini hər zaman müdafiə edəcək.
Qəzetin məlumatına görə, hücumun ləğvi onun planlaşdırılan başlanma vaxtına çox az qalmış baş verib. Həmin vaxt ABŞ hərbi komandirləri artıq hədəflərin siyahısını müəyyənləşdirib, hərbçilər isə bombardmançı təyyarələrə döyüş sursatı yükləyirdilər.
