Rumıniyanın sabiq prezidentliyə namizədi Kəlin Corcesku cinayətkar qruplaşma yaratmaq və xüsusilə külli miqdarda dələduzluq işi üzrə saxlanılıb.
Ucnoqta.az xəbər verir ki, Rumıniyanın Mütəşəkkil Cinayətkarlıq və Terrorla Mübarizə İdarəsinin (DIICOT) məlumatına görə, istintaq 1,1 milyon avrodan çox zərər vurulduğu iddia edilən dələduzluq işi ilə bağlıdır.
Məlumata görə, sentyabrın 21-də Buxarest, Mogoşoaia, Ciolpani və Buftea şəhərlərində ümumilikdə beş ünvanda axtarış aparılıb.
İstintaq materiallarına əsasən, qrup 2021-ci ilin sentyabrında iki Rumıniya vətəndaşı və bir İtaliya vətəndaşı tərəfindən yaradılıb. Onların Rumıniya və Böyük Britaniyada fəaliyyət göstərdiyi bildirilir.
Kəlin Corceskunun hazırkı iş üzrə istintaqa cəlb edilməsinin detalları araşdırılır. Onun daha əvvəl də konstitusiya quruluşuna qarşı hərəkətlərdə iştirak və yalan məlumat yaymaq ittihamları ilə başqa bir cinayət işi üzrə məhkəməyə verildiyi bildirilir.
