Koreya Xalq Demokratik Respublikası (KXDR) ABŞ-ın rəhbərliyi ilə keçirilən beynəlxalq RIMPAC hərbi-dəniz təlimlərini Asiyada mümkün təcavüzkar müharibəyə hazırlıq kimi qiymətləndirib.
Ucnoqqta.az xəbər verir ki, KXDR-nin Mərkəzi Teleqraf Agentliyinin (KCNA) yaydığı hərbi açıqlamada bildirilir ki, Vaşinqton, Tokio və Seul arasında hərbi əməkdaşlığın gücləndirilməsi Asiya-Sakit Okean regionunda yeni təhlükəsizlik böhranı yaradır.
Şərhdə qeyd olunur ki, builki RIMPAC təlimlərində ilk dəfə Cənubi Koreya nümayəndəsi birgə hərbi-dəniz qüvvələrinə rəhbərlik edib, Yaponiya nümayəndəsi isə onun müavini vəzifəsini icra edib. KXDR bunu ABŞ-ın müttəfiqləri ilə hərbi inteqrasiyanı dərinləşdirməsinin göstəricisi kimi dəyərləndirib.
Məqalədə həmçinin iddia olunur ki, ABŞ regionda hərbi üstünlüyünü möhkəmləndirmək məqsədilə müttəfiqləri ilə birgə təlimlərin miqyasını genişləndirir və hərbi mövcudluğunu artırır. Buna misal olaraq ABŞ və Cənubi Koreyanın Buddy Squadron təlimləri, ABŞ qüvvələrinin Yaponiyadakı komandanlığının yenidən təşkili planları və ölkədə orta mənzilli Typhon raket komplekslərinin yerləşdirilməsi göstərilir.
