İsrail hakimiyyəti Qəzza zolağında sülh planının ikinci mərhələsinin həyata keçirilməsi ilə bağlı ABŞ-a bir sıra şərtlər təqdim edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Associated Press (AP) agentliyi mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, İsrail HƏMAS tərəfindən hər hansı təhlükə yaranacağı təqdirdə Qəzza zolağında hərbi əməliyyatlar keçirmək hüququnun saxlanılmasında israr edir.
Bundan əlavə, Təl-Əviv Qətər və Türkiyənin sülh sazişinin icrasına nəzarət edəcək ölkələr sırasında yer almamasını istəyir. İsrail rəhbərliyi həmçinin hesab edir ki, razılaşmanın ikinci mərhələsi çərçivəsində HƏMAS-ın təhvil verəcəyi silahlar tamamilə məhv edilməlidir.
AP-nin məlumatına görə, bu şərtlər Qəzzada atəşkəs və girovların azad olunmasına dair danışıqların davam etdiyi bir vaxtda ABŞ tərəfinə təqdim edilib. İsrail rəsmiləri bunun ölkənin təhlükəsizliyinin təmin olunması baxımından zəruri olduğunu bildirirlər.
