Fransada internet trafikinin hər giqabaytına görə rəqəmsal şirkətlərdən vergi tutulmasını nəzərdə tutan düzəliş qəbul edilib.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Le Figaro” qəzeti məlumat yayıb.
Məlumata görə, Fransa parlamentinin deputatları Vergi Məcəlləsinə əlavə düzəlişi cəmi 11 səslə qəbul ediblər. 10 deputat isə sənədin əleyhinə səs verib. Qeyd edək ki, ölkənin Milli Assambleyası 577 deputatdan ibarətdir.
Qəbul edilən düzəlişə əsasən, “Netflix”, “Meta” və “Google” kimi şirkətlər istifadəçilərə ötürülən hər giqabayt internet trafikinə görə dövlət büdcəsinə 5,5 avrosent ödəməli olacaqlar.
İnternet trafikinin həcminə nəzarət Fransa provayderlərinə həvalə ediləcək. Onlar müvafiq məlumatları vergi orqanlarına təqdim edəcəklər.
Yeni vergi mexanizmi vasitəsilə büdcəyə ildə təxminən 10 milyard avro daxil olacağı gözlənilir. Fransanın telekommunikasiya sahəsini tənzimləyən qurumunun hesablamalarına görə, ölkədə abunəçilərə ötürülən internet trafikinin illik həcmi təxminən 200 milyard giqabaytdır.
