Yaxın vaxtlarda Moskva ilə Bakı arasında kruiz gəmisinin fəaliyyətə başlaması planlaşdırılır.
Ucnoqta.az xəbər verir ki, bunu Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Adam Hakimov “Zvezda” telekanalının efirində bildirib.
Onun sözlərinə görə, səyahətin müddəti orta hesabla 14 gün təşkil edəcək. Bunun 7 günü Bakı istiqamətində, digər 7 günü isə geri dönüş üçün nəzərdə tutulub.
Hakimov qeyd edib ki, söhbət lüks sinif kruiz gəmisindən gedir. Layihəyə dövlət dəstəyi göstərilir və gəminin tikintisi Rusiya Sənaye və Ticarət Nazirliyi tərəfindən də subsidiyalaşdırılır.
O bildirib ki, hazırda bir gəmi artıq hazırdır, daha iki gəminin isə yaxın vaxtlarda layihəyə qoşulması gözlənilir. Layihə uğurlu olacağı təqdirdə, digər iki gəminin də Bakı istiqamətində səfərlər edəcəyi planlaşdırılır.
