Qış aylarında yun sviter, jilet, don və kostyumlar qarderobun əsas hissəsini təşkil edir.
Ucnoqta.az xəbər verir ki, lakin bu geyimlərin formasını və keyfiyyətini qorumaq üçün onlara düzgün qulluq etmək vacibdir.
Yun məmulatlarını əl ilə, əvvəlcədən 10-15 dəqiqə isladaraq yumaq məsləhətdir. Paltaryuyan maşından istifadə ediləcəksə, həssas rejim və xüsusi yuma torbası seçilməlidir. Yun üçün nəzərdə tutulmuş maye vasitələrdən istifadə etmək daha uyğundur. Suyun temperaturu isə 30 dərəcədən yüksək olmamalıdır.
Yun geyimləri ipdə, quruducuda və ya radiatorun üzərində qurutmaq olmaz. Forma dəyişikliyinin qarşısını almaq üçün onları düz səth üzərində, istilik mənbələrindən və birbaşa günəş şüalarından uzaqda qurutmaq lazımdır.
Ütüləmə zamanı geyim tərs çevrilməli və buxardan istifadə edilməməlidir. Yuyulduqdan sonra bir qədər kiçilmiş əşyanı azca nəmləndirib tənzif üzərindən ütüləmək və ehtiyatla ilkin ölçüsünə qaytarmaq mümkündür.
Yun paltarları şkafda asılqanlarda deyil, qatlanmış vəziyyətdə saxlamaq tövsiyə olunur. Asılqan üzərində saxlamaq parçanın dartılmasına və geyimin formasının pozulmasına səbəb ola bilər.
Əgər yun geyimdə tükcüklər yaranıbsa, onları xüsusi tük təmizləyən cihazla aradan qaldırmaq olar. Həmçinin ehtiyatla istifadə edilmiş, çox iti olmayan birdəfəlik ülgücdən də yararlanmaq mümkündür.
Sarımtıl rəng almış yun geyimin rəngini açmaq üçün isə 1 litr soyuq suya 1 çay qaşığı hidrogen peroksid əlavə edilərək hazırlanmış məhluldan istifadə edilir.
