Sudanın Cənubi Kordofan əyalətində BMT-nin Ümumdünya Ərzaq Proqramına (ÜƏP) məxsus humanitar yardım daşıyan iki yük maşınına hava zərbəsi endirilib.
Ucnoqta.az xəbər verir ki, Sudan Tribune portalının məlumatına görə, hücum nəticəsində yük maşınlarından birinin sürücüsü həlak olub. ÜƏP tərəfindən icarəyə götürülən nəqliyyat vasitələri Dillinqlə əyalətin inzibati mərkəzi Kadugli arasında hərəkət edirmiş.
Məlumata görə, yük maşınlarının üzərində onların humanitar yardım daşıdığı açıq şəkildə qeyd olunub. ÜƏP hadisənin səbəblərini və şəraitini araşdırır, həmçinin daşınan ərzaq məhsullarına dəyən zərəri qiymətləndirir.
Təşkilatın məlumatına görə, bu, cari il ərzində Sudanda ÜƏP əməliyyatlarına qarşı həyata keçirilən doqquzuncu hücumdur. Sonuncu belə hadisə avqustun 30-da Dillinqlə ətrafında baş verib və nəticədə 50 tondan çox ərzaq yardımı məhv edilib.
