Yaponiyanın paytaxt Tokioya yaxın Çiba prefekturasında 4 mindən çox sakin tayfunun yaratdığı fəsadlar səbəbindən elektrik enerjisiz qalıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarının təbii fəlakətin nəticələri ilə bağlı yaydığı son məlumatda bildirilir.
Məlumata görə, tayfun nəticəsində ölənlərin sayı 13 nəfər təşkil edir, iki nəfər isə itkin düşmüş hesab olunur.
Təbii fəlakətin səbəb olduğu torpaq sürüşmələri nəticəsində yerli dəmir yolunun beş hissəsində hərəkət dayanıb. Sözügedən dəmir yolu xəttindən daha əvvəl gündəlik təxminən 54 min sərnişin istifadə edib. Hərəkətin tam bərpasının ən azı üç ay çəkəcəyi bildirilir.
Sakinlərin gediş-gəlişini təmin etmək üçün əlavə avtobuslar ayrılıb. Lakin dayanacaqlarda uzun növbələrin yarandığı qeyd olunur.
Çiba prefekturasında bəndin dağılması nəticəsində təxminən 5 kvadratkilometr ərazi hələ də su altında qalıb. Su basmış ərazidə çoxsaylı yaşayış evləri və kənd təsərrüfatı sahələri yerləşir.
Təbii fəlakət zonasında ümumilikdə 1,7 minə yaxın tikiliyə ziyan dəyib.
