İsrail Niderlandın Ramallahdakı nümayəndələrinin diplomatik statusunu ləğv edib.
Ucnoqta.az xəbər verir ki, İsrailin xarici işlər naziri Gideon Saar bildirib ki, qərar Niderlandın İordan çayının qərb sahilindəki İsrail yaşayış məntəqələrindən məhsulların ölkəyə idxalını qadağan etməsindən sonra qəbul edilib. Niderlandda bu qadağa 22 sentyabrda qüvvəyə minib.
Saarın sözlərinə görə, Ramallahda çalışan niderlandlı diplomatlara İsrail tərəfindən verilmiş diplomatik sənədləri yeddi gün ərzində təhvil vermələri bildirilib. Bu müddətdən sonra onların İsrail tərəfindən tanınan diplomatik imtiyaz və immunitetləri qüvvədən düşəcək.
İsrail XİN rəhbəri bildirib ki, Niderland Fələstinlilərlə bağlı maraqlarını bundan sonra Fələstin Milli Administrasiyasının ərazisindən təmsil edə bilər.
Qeyd edək ki, Niderlandın yeni tədbiri İsraildən gələn bütün məhsullara deyil, məhz İsrailin işğal etdiyi ərazilərdəki yaşayış məntəqələrindən mənşə alan mallara aiddir.
