Kontakt linzalar eynəkdən istifadə etmək istəməyənlər üçün rahat seçim olsa da, onların düzgün istifadə edilməməsi ciddi göz problemlərinə səbəb ola bilər. Linza ilə yatmaq, onu kran suyu ilə təmizləmək və istifadə müddətini keçirmək infeksiya, qıcıqlanma və buynuz qişanın zədələnməsi riskini artırır.
Ucnoqta.az xəbər verir ki, göz xəstəlikləri üzrə mütəxəssis Opr. Dr. Candan Karaca kontakt linzaların sadəcə taxılıb-çıxarılan vasitə olmadığını, onların müntəzəm qulluq və düzgün istifadə tələb edən tibbi vasitələr olduğunu bildirib.
Linza ilə yatmaq
Ən çox yol verilən səhvlərdən biri kontakt linza ilə yatmaqdır. Gecə linza taxmaq gözün oksigenlə təmin olunmasını çətinləşdirərək infeksiya riskini artıra bilər. Həkim xüsusi olaraq tövsiyə etməyibsə, linzalar yatmazdan əvvəl çıxarılmalıdır.
Kran və digər sularla təmizləmək
Kontakt linzaları kran suyu, duş suyu, hovuz və ya dəniz suyu ilə təmizləmək olmaz. Suda olan mikroorqanizmlər linza vasitəsilə gözə keçərək ciddi infeksiyalara səbəb ola bilər. Bunun üçün yalnız uyğun kontakt linza məhlullarından istifadə edilməlidir.
Əlləri yumadan linzaya toxunmaq
Linzanı taxmazdan və çıxarmazdan əvvəl əllər sabunla yaxşı yuyulmalı və qurudulmalıdır. Çirkli əllər bakteriyaların birbaşa gözə keçməsinə səbəb ola bilər. Uzun dırnaqlar da linzanı zədələyə və göz səthini qıcıqlandıra bilər.
Linzanın istifadə müddətini keçirmək
Gündəlik, aylıq və digər istifadə müddətinə malik linzalar istehsalçının müəyyən etdiyi vaxtda dəyişdirilməlidir. Müddəti keçmiş linzalarda müxtəlif maddələrin toplanması gözlərdə qızartı, qıcıqlanma və narahatlıq yarada bilər.
Linza qabında köhnə məhluldan istifadə etmək.
Köhnə məhlulun üzərinə yeni məhlul əlavə etmək də geniş yayılmış səhvlərdəndir. Hər istifadədən sonra qab tamamilə boşaldılmalı, təmizlənməli və təzə məhluldan istifadə edilməlidir. Linza qabları da mütəmadi olaraq yenilənməlidir.
Kontakt linza istifadə edən şəxslər gözlərdə qızartı, ağrı, yanma, işığa həssaslıq və ya bulanıq görmə yaranarsa, linzanı dərhal çıxarmalıdır. Xüsusilə ağrı və görmədə dəyişiklik müşahidə edilərsə, vaxt itirmədən göz həkiminə müraciət etmək vacibdir.
Mütəxəssislər kontakt linzaların təhlükəsiz istifadəsində üç əsas qaydaya – düzgün gigiyena, istifadə qaydalarına əməl edilməsi və müntəzəm göz müayinəsinə diqqət yetirməyi tövsiyə edirlər.
