Yaponiyanın avtomobil nəhəngi “Toyota Motor” dünyanın müxtəlif ölkələrindəki zavodlarında təxminən 40 min humanoid robotun tətbiqinə hazırlaşır.
Ucnoqta.az xəbər verir ki, bu barədə Yaponiyanın aparıcı biznes qəzeti Nikkei məlumat yayıb.
Məlumata görə, robotların istehsal prosesinə cəlb edilməsi 2028-ci ildən başlayacaq zavodların yenilənməsi və yenidən qurulması proqramı çərçivəsində həyata keçiriləcək. Şirkət müəssisələrin modernləşdirilməsinə ildə təxminən 1 trilyon yen (6,4 milyard dollara yaxın) vəsait ayıracaq.
“Toyota Motor”un dünyada 60 zavodu fəaliyyət göstərir və burada 18 min yüksək ixtisaslı əməkdaş çalışır. Humanoid robotların əsas məqsədinin insanları əvəz etmək deyil, onların işinin səmərəliliyini artırmaq olduğu bildirilir.
Robotlar insanların hərəkətlərini öyrənərək müxtəlif əməliyyatları yerinə yetirə və tapşırıqların icrası üçün optimal üsulları müstəqil şəkildə müəyyənləşdirə biləcək.
Hazırda bəzi yığım xətlərində robotlar işçilərin hərəkətlərini təkrarlayaraq daha mürəkkəb əməliyyatları yerinə yetirirlər. Gələcəkdə isə şirkət robotlardan yeni işçilərin hazırlanması üçün təlimçi kimi istifadə etməyi də planlaşdırır.
Toyota rəhbərliyi vurğulayır ki, robotların tətbiqi insanların işdən çıxarılması məqsədi daşımır. Şirkət onların əməkdaşlarla birlikdə vahid komanda şəklində işləməsini nəzərdə tutur.
