Məktəb yaşlı uşaqlarda bel və kürək ağrılarının görülməsi erkən yaş üçün qeyri-adi hesab edilsə də, bu şikayətin yayılma tezliyi 9-66 faiz arasında dəyişir.
Ucnoqta.az xəbər verir ki, mütəxəssislər son illərdə aparılan araşdırmalarda bel ağrılarının əvvəlki tədqiqatlarla müqayisədə daha çox müşahidə edildiyini bildirirlər.
Bel ağrılarının yaranmasına duruş pozğunluğu, əzələ spazmı və gərginliyi, onurğa əyrilikləri, infeksiyalar və bəzi digər xəstəliklər səbəb ola bilər. Uzun müddət televizora baxmaq, kompüter qarşısında oturmaq və hərəkətsiz həyat tərzi də uşaqlarda bel ağrısı riskini artıra bilər.
Məktəb dövründə ağır və düzgün istifadə olunmayan çantalar isə çiyin, boyun, kürək və bel nahiyəsində ağrılara səbəb ola bilər. Xüsusilə çantanın bir çiyində daşınması və ya yan askılı çantalardan istifadə onurğada tarazlığın pozulmasına gətirib çıxara bilər.
Mütəxəssislər bel ağrılarının qarşısını almaq üçün çantadakı əşyaların çəkisinin mümkün qədər azaldılmasını, ağır əşyaların çantanın arxa hissəsinə yaxın yerləşdirilməsini tövsiyə edirlər. Çanta uşağın yaşına və boyuna uyğun seçilməli, iki çiyin qayışı ilə daşınmalıdır. Qayışların geniş və yumşaq olması, mümkün olduqda çantanın bel dəstəyi olan modelinin seçilməsi məsləhətdir.
Kiçik yaşlı uşaqlar üçün təkərli çantalardan da istifadə oluna bilər. Uşaqlarda davamlı bel ağrısı müşahidə edilərsə, səbəbin müəyyənləşdirilməsi və digər xəstəliklərin istisna edilməsi üçün həkim müayinəsi vacibdir.
