Avstraliyanı 16 yaşında kiçik təyyarə ilə təkbaşına uçaraq dövrə vuran avstraliyalı pilot Bob Bremli 23 yaşında təyyarə qəzasında həlak olub.
Ucnoqta.az xəbər verir ki, bu barədə yerli Pulse Tasmania portalı məlumat yayıb.
Məlumata görə, Bremli ölkənin şimalında, Qroote-Eyland adası yaxınlığında, Karpentariya körfəzində qəzaya uğrayan Air Frontier şirkətinə məxsus təyyarəni idarə edib. Onun ailəsi bildirib ki, Bremli son bir il ərzində Şimal Ərazisində çarter şirkətində pilot kimi çalışıb.
Axtarış-xilasetmə qrupları pilotun cəsədini və təyyarənin qalıqlarını axtarmağa davam edir. Avstraliya Nəqliyyat Təhlükəsizliyi Bürosu isə qəzanın səbəblərini araşdırır.
Bremli 16 yaşında gənclər arasında intiharların qarşısının alınması probleminə diqqət çəkmək məqsədilə kiçik təyyarə ilə Avstraliya ərazisi üzərində tək uçuş həyata keçirmişdi.
