İspaniyanın Şimali Afrikadakı Seuta muxtar şəhərində bir qrup hərbçiyə hücum edən miqrantlardan azı 12 nəfər saxlanılıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə El Faro de Ceuta məlumat yayıb. Məlumata görə, hadisə yerli vaxtla saat 05:30 radələrində hərbçilər müşahidə məntəqəsinə zirehsiz avtomobillə hərəkət edərkən baş verib. Təxminən 30-40 miqrant hərbçilərin qarşısını kəsərək avtomobilə iri daşlar atıb.
Hərbçilər avtomobili tərk edərək ərazidən uzaqlaşmağa çalışıblar. Lakin hücum edənlər onları təqib edərək daş atmaqda və zərbələr endirməkdə davam ediblər. Nəticədə 4 hərbçi bel və qol nahiyələrindən xəsarət alıb.
Hadisə yerinə polis və Mülki Qvardiyanın əməkdaşları göndərilib. Hücum edənlərin bir hissəsi ərazidən qaçmağa, bəziləri isə dənizə atılaraq gizlənməyə çalışıb. Onların axtarışları davam etdirilir.
