ABŞ Prezidenti Donald Tramp bildirib ki, ölkəsi son 10 il ərzində Kanada ilə ticarət səbəbindən hər il orta hesabla 60 milyard dollar itirib.
Ucnoqta.az xəbər verir ki, Tramp Truth Social platformasında yazıb ki, bundan sonra belə vəziyyət olmayacaq. O, Kanadanı ABŞ-a qarşı yüksək gömrük rüsumları tətbiq etməkdə və Amerika şirkətlərini bazardan sıxışdırmaqda ittiham edib.
ABŞ lideri həmçinin Kanadanın amerikalı fermerlərə 400 faiz və daha yüksək tariflər tətbiq etdiyini iddia edib. Tramp Kanada ilə münasibətləri digər ölkələrlə müqayisədə “ən çətin və məntiqsiz” münasibətlərdən biri adlandırıb.
Bununla yanaşı, Tramp Kanada ilə danışıqlar zamanı ölkədə fransız dilinin istifadəsinə qarşı çıxması barədə məlumatı təkzib edib. O, belə bir fikri heç vaxt səsləndirmədiyini və bu iddianın Kanada Baş naziri Mark Karninin “uydurması” olduğunu bildirib.
